Barda içki içib sərxoş oldu, dava etdi - 5,5 MİLYON DOLLAR KOMPENSASİYA ALDI 

16:56 17.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Texas ştatının Andrus əyalətində yaşayan Daniel Roulz iski içib sərxoş olduqdan sonra digər müştərilərlə dava etdiyi bardan 5,5 milyon dollar kompensasiya alıb.

Hafta.az Newsweek nəşrinə istinadla bu qəribə olayın detallarını təqdim edir. Belə ki, Roulz yerli barlardan birinə gələrək içki qəbul edəndən sonra Robert Henriks adlı digər müştəri ilə əlbəyaxa davaya çıxıb. Daha sonra tərəflər münasibətlərini barın parkinqində ayırd etməyə çalışıblar. Nəticədə Roulz dava zamanı yerə yıxılaraq başından zədə alıb.

Mayın 17-də amerikalı məhkəməyə müraciət edib. O, barın müdiri Lurdes Qolendodan şikayətlənib. İddiasına görə, barmenlər içki qəbul edən müştərilərin keflənmək həddinə çatdığını vaxtında bilməli, digərləri üçün təhlükə yaratmasına imkan verməməliydilər. Roulz həmçinin bar sahiblərinin vaxtında təcili yardım çağırmadığını, parkinqi isə yıxılarkən bədənə zərər verə biləcək yad əşyalardan təmizləməməkdə də ittiham edib.

Barın sahibləri məhkəməyə gəlmədikləri üçün onların əleyhinə qaldırılan 5,5 milyon dollarlıq təzminat davası ilə bağlı qərar təsdiqlənib.